Bu gün Avropa İttifaqı (Aİ) ölkəmizdəki Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup (Aİ Çimərliyin Təmizlənməsi tədbirini) keçirib.
Nümayəndəlikdən Hafta.az-a verilən xəbərə görə, Ətraf Mühit və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və Latviya səfiri Dainis Garançs tədbirdə iştirak ediblər.

Avropa İttifaqına Üzv Dövlətlərin Səfirliklərinin, Avropa İttifaqının Azərbaycanda həyata keçirilən layihələrinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), AzEkol şirkətinin, EkoSfera Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və gənc könüllülər tədbirə qatılıblar.
Tədbirdə Sumqayıt şəhərinin Corat qəsəbəsi dənizsahili ərazisində 5 hektar ərazi plastik tullantılardan təmizlənib. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Məqsəd Abşeron çimərliklərindən birinin sadəcə gözəl qalması və təmizlənməsi deyil, həm də media və ictimaiyyətin diqqətini dənizin çirklənməsi və plastik tullantılarla bağlı çətinliklərə cəlb etməkdir.
Tədbir COVİD-19 pandemiyası qaydalarına uyğun olaraq təhlükəsiz şəkildə, sosial məsafəyə riayət etməklə təşkil edilib.

Qeyd etmək lazımdır ki, hər il sentyabr ayında Aİ sahilyanı ərazilərin təmizlənməsi ilə bağlı EUBeachCleanup məlumatlandırma kampaniyaları təşkil edir. Ötən il bu kampaniyaya Azərbaycan da daxil olmaqla, təxminən 80 ölkədə 40 mindən artıq könüllü səfərbər olunub.